Səyahət nədir?
Səyahət etmək istəyinin təməlində insanın daxilində yatan araşdırma və kəşf etmə hissi dayanır.
Yaradıcılıq və incəsənət fəaliyyəti ilə məşğul olan məşhur şəxslərin, səyahət fikirləri barədə qeydləri, günümüzə qədər gəlib çatmışdır. Həm katoliklik, həm də qərb fəlsəfəsində ən nüfuzlu müqəddəslərdən biri sayılan xristian filosofu və ilahiyyatçısı Hippo Saint Augustine belə demişdir:
“Həyat sanki bir kitabdır və gəzib görməyənlər daim eyni səhifəni oxuyar.”
Hippo Saint Augustine.
Hər kəs səyahətin nə qədər vacib olduğunu söyləməyə davam edir. Bəs bütün bu söylənənlər nədən ibarətdir? İnsanlar niyə səyahət etməyi sevir?
Daha da əhəmiyyətlisi: niyə daha çox səyahət etməliyik?
Səyahət etmək sizi fiziki və psixoloji olaraq dəyişdirir. Az vaxta və ya pula sahib olmaq isə səyahət etməkdən imtina etmək üçün etibarlı bir bəhanə deyil. Çox ucuz qiymətə uçmaq olar. Həftə içi işləyirsizsə və ailəniz varsa, həftəsonları və ya tətillərdə, hətta körpə ilə səyahət edə bilərsiniz .
2020-ci il koronavirus pandemiyası səbəbindən səyahət üçün çətin bir il oldu. Ancaq bunun sizi 2021-ci ildə səyahət planları qurmaqdan çəkindirməyinə icazə verməyin!
“Bir müddət buraları tərk edib başqa yerlərə getmək müsbət təsir bağışlayacaq” ifadəsi elə-belə yerə deyilməyib. Hər hansı bir neqativ situasiya ilə qarşılaşanda və ya şad günləri qeyd edəndə başqa yerlərə getmək istəməyimizin səbəbi də elə buradan gəlir.
Səyahət etməyin faydaları nələrdir?
Səyahət etmək stress, depressiya və digər psixoloji problemləri azaldaraq qarşısını aldığı, araşdırmalar nəticəsində sübut olunmuşdur. Bəzən bütün gün iş yerində bir kresloda oturub qaldığınız vaxtlar olur. Buna görə səfər zamanı sadəcə piyada gəzmək belə sizi daha yaxşı hiss etdirməyə kifayət edəcəkdir. Bəzi insanlar üçün xarici ölkələrdə gəzmək hətta depressiya və narahatlıq üçün dərman rolunu oynayır. Əlbətdə ki, bu həm fiziki həm də psixoloji cəhətdən daha yaxşı hiss etməyinizə kömək edir.
Səfər etmək insanın öz güvən hissini, xəyal gücünü və yaradıcılıq qabiliyyətini artırır. Nəticədə insanın ruhu qidalanır və mənəvi olaraq rahatlıq tapır.
Səyahət etmək gündəlik rutin həyatdan uzaq qalmağa imkan verir
Gündəlik həyatımıza o qədər qapılmağa meylliyik ki, bəzən özümüzə xeyirdən daha çox zərər veririk. Müdiriniz həyatınızı ələ keçirir? Uşaqlar sizi dəli edir? Valideynləriniz özləri istədikləri həyatı sizə yaşatmağa çalışır? Sizcə bu təzyiqin öhdəsindən nə qədər gələ biləcəksiz?
Bəzən geri addım atmaq, dərindən nəfəs almaq və o paris qülləsinin qarşısında selfi etməyə getmək yaxşı bir fikir ola bilər.
Səyahət etmək insana nə verir?
Səyahət etmək anlayışı bir insandan digərinə görə fərqlənə bilər. Ancaq səfər edən insanların empatiya qurmaq və digər mədəniyyətləri daha dərindən anlamalaq qabiliyyəti inkişaf edir.
Bizdən fərqli bir mədəniyyət haqqında daha çox anlayışlı və tolerant olmaq ağıllı olmağın bir göstəricisidir. Amma bunu öz-özlüyündə səfər etməyin faydalarından biri kimi qəbul edirəm. Bunu bu şəkildə düşünə bilərik: xəbərləri oxusaq və ya TV-də seyr etsək və sorğu-sual etməsək, bir çox məlumatı itirərik. Düşünə bilərsən ki, bu səni daha ağıllı və dünyadan daha çox xəbərdar edir, amma bunun tam əksi: bu insanın zehnini bənzərsiz və qərəzli bir perspektivə endirir.
Səyahət zamanı öz daxilimizdə yeni emosiyaların, təəssüratların, zamanın və xalqların müqayisəli təhlilini aparırıq. Səyahətə getdiyimiz ölkənin xalqı ilə münasibət qururuq. Və fərqli mədəniyyətlər ilə tanış olub söhbət edərək yeni məlumatlar öyrənmək şansı qazanırıq.
Və bunun nəticəsində də başqaları ilə empatiya qurmaq qabiliyyətimiz inkişaf edir. Həmçinin başqasını mühakimə etmək, bizdən fərqli olanları qınamaq, özümüzdən aşağı görmək kimi eqolarımız aradan qalxır. Baş verə biləcək problemlərə daha pozitiv pəncərədən baxmağı bacarır və daha xoşbəxt oluruq.
Əlbəttə ki, olduğunuz yerdə rahat hiss edirsiniz, amma bu, dünyanın sadəcə kiçik bir hissəsidir! Tələbəsinizsə, daha çox insan tanımaq, təcrübə qazanmaq və mədəniyyətləri anlamaq üçün Erasmus kimi proqramlardan faydalanın. Şübhəli yanaşdığınız bölgələrə səfər etməyə cəsarət edin. Fikrinizi dəyişdirəcəyinizə və xaricdə hər şeyin o qədər də pis olmadığını başa düşəcəyinizə inanıram.
Səyahət etmək sizi necə dəyişir?
Səyahətə getmək sizi daha maraqlı bir şəxs edir. Səfər etməyin ən böyük faydası isə hər zaman danışmağa bir hekayəniz olur. Əksər insanların tanış olmadığı yerlər və ya yeni bir perspektiv haqqında bəhs etmək sosial statusun parlaq olduğunun göstəricisidir. Səyahət haqqında esse tərtib etmək və ya səyahət haqqında inşa yazmağ kimi şeylərə ehtiyac yoxdur. Sadəcə gördüklərinizdən və harada olduğunuzdan bəhs edin. Gündəlik rutin həyatına alışmış insanlar sizin sözlərinizlə səyahət edəcəklər.
Səyahət etməyi sevən insanlar nə üçün uğurlu olurlar?
Səyahət etməyi sevən insanlar araşdırma, planlaşdırma və kordinasiya etmə sahəsində peşəkar şəxslər olurlar. Qeyd edilən bacarıqların həyatın hər sahəsində təsirli olduğunu nəzərə alsaq, onda belə şəxslərin müvəffəqiyyət qazanmağı təccüb doğurmur. Çünki gedəcəkləri yerləri araşdırmaq, oraya hansı yolla gedəcəyini planlamaq, səyahət zamanı neçə nəfərin iştirak edəcəyini kordinasiya etmək kimi şeylərdə ixtisaslaşırlar. Digər təşkilati işlərini də eynən səyahətdən əvvəl edilən bir plan kimi düşündüklərinə görə, demək olar ki hər sahədə peşəkarlıq nümayiş etdirə bilirlər.
Səyahət etmək sizə fərqli mətbəxlərin yeməklərini dadmağ şansı verir
Yeməkdən söz düşmüşkən, inanıram ki ev yeməkləriniz ləzzətlidir. Ancaq başqa bir ölkənin özünə məxsus bir yerli yeməyini sınamağın ləzzəti başqadır. Şəhərdəki Sushi restoranına gedərək özümüzü aldatmayaq. Yaponiyada olmayana qədər əsl suşi dadının necə olduğunu bilmirik.
Başqa bir ölkənin yerli yeməklərini dadmaq tamamilə yeni bir təcrübədir. Bütün dadlar fərqlidir. Edə biləcəyiniz ən yaxşı şey isə növbəti bölgə üçün səyahət planı qurmaq və yeni bir şey sınamaqdır.
Səyahət sizi bir macəraçı kimi hiss etdirir
Dünyada indiyə qədər hələ də orta səviyyəli bir turistin az tanıdığı yerlər var. Yeni bir yerə səfər etməyin faydası, bilinməyən şeylərlə qarşılaşmağ və fərqli düşünməyə məcbur qalmaqdır. Bir ay cəngəllikdə qalmağınıza ehtiyac yoxdur! Böyük bir şəhərdə yaşayırsınızsa, həftə sonu sadəcə bir gəzintiyə çıxmaq belə sizə fərqli hiss etdirəcəkdir. Ziyarət etmək istədiyiniz yerlərin planını qurmaq belə son dərəcə motivasiya yaradır. Macəralar yenilik tələb edir, buna görə rahatlıq zonasından çıxın. Qorxunc ola bilər, ancaq geriyə baxanda bunu indiyə qədər verdiyin ən yaxşı qərar olaraq görəcəksən!
Səyahət və turizm arasındakı fərq nədir?
Turizm və səyahət hər zaman birlikdə istifadə olunan iki söz olmasına baxmayaraq, bu sözlərin hər birinin özünə məxsus mənaları var. Səyahət uzun bir yola çıxmaq fəaliyyətinə aiddir. Turizm də səyahətə aiddir, lakin turizmin müəyyən bir məqsədi var. Turizm əsasən istirahət etmək və zövq almaq üçün bir yerə səfər etmək deməkdir.
Səyahət etmək, bir fərdin A nöqtəsindən B nöqtəsinə doğru hərəkət etməsinə deyilir. Səyahət etmək ümumiyyətlə uzun müddətli anlayışdır. Məsələn, tərəvəz almaq üçün bazara gediriksə, bunu səyahətə aid etmirik. Lakin İsveçrəyə iki həftəlik bir iş konfransına gediriksə, bu halda səyahət etdiyimizi deyə bilərik.
Bir şəxs müxtəlif məqsədlər üçün fərqli yerlərə səyahət edə bilər. Yuxarıda qeyd edildiyi kimi, bir insan iş məqsədi ilə başqa bir ölkəyə və ya şəhərə səfər edə bilər. Dostlarını və qohumlarını ziyarət etmək üçün səfərə gedənlər də var. Təhsil və səhiyyə kimi şeylər insanları başqa bir yerə getməyə sövq edən digər səbəblərdir. Bəzən yuxarıda müzakirə olunan səbəblərdən heç biri olmasa belə səyahət etmək istəyirik. Sadəcə asudə vaxtlarımızı daha səmərəli keçirtmək və yeni bir yeri kəşf etməyin bəxş etdiyi həzzi dadmaq istəyirik.
Turizm – çimərliklər, milli parklar, muzeylər və məşhur tarixi yerlər kimi maraqlı və cəlbedici yerlərə, ziyarətlərin ödəniş qarşılıında təşkil olunmasıdır. Buraya restoranlar, otellər və xidmətlər də (nəqliyyat, təhlükəsizlik və s.) daxildir.
Səyyah və turist arasındakı fərq nədir?
“Turist” və “səyyah” sözlərini bir-birinin əvəzinə istifadə edə bilərsiniz. Lakin səyahət etmək haqqında məlumat sahibi olan bəzi insanlar üçün bu adların fərqli mənaları vardır.
Turistlər
Yerli sakinlər arasında bir turisti seçmək asandır. Turist çox vaxt üzərində kamera, bələdçi kitabı və xəritə gəzdirə bilər. Və evdə geyindiyi paltarla çöldə də rahat şəkildə gəzə bilər. Turistlər rahatlıq bölgələrində qalmağa daha çox meylli olurlar. Yerli dildəki ifadələrdən istifadə etməyə çalışmaq əvəzinə yalnız ingilis dilində danışmağa üstünlük verirlər. Kiçik şəhərlərə və ya bilinməyən yerlərə getmək əvəzinə böyük şəhərlərdəki məşhur yerlərə gedirlər. Və ev şəraitinə oxşayan rahat yerlərdə qalmağı üstün tuturlar.
Səyahətçilər
Çox səyahət edən adam səyyah adlanır. Ümumiyyətlə, özünü səyyah hesab edən biri turist kimi görünmək əvəzinə yerli mədəniyyətə qarışmağa çalışacaqdır. Səyyahlar, daha az ziyarət olunan ərazilərə və turizmin olmadığı yerlərə getməyə çalışırlar. Səyyahlar turistlərə nəzərən yerli sakinlərlə daha çox əlaqə qurmağa və onlara qaynayıb-qarışmağa çalışırlar. Bir səyyah gəzintini tətil olaraq deyil, səyahət kimi görür.
Səyahət evinizi daha çox sevməyinizi təmin edir
“Ən marağlısı isə, evdən ayrılarkən yaxşı hiss edirsən amma səyahətdən evə geri qayıdanda isə daha yaxşı hiss edirsən”. Bir tərəfdən, başladığınız yerə qayıdırsınız, eyni mühit, eyni insanlar, eyni problemlər. Amma buna baxmayaraq artıq eyni deyilsiniz – yenisiniz, yeni bilik və fikirlərlə dolusunuz!
Və sonda geriyə dönüb baxdığınızda, səfər etdiyiniz ölkə ilə bağlı yaddaşınızda qalan xatirələri yada salıb, nostalji yaşamağın verdiyi xoşbəxtlik hissini isə sözlərlə ifadə etmək mümkün deyil. Və düşünürəm ki, bu xatirələr bir çox insanın səyahətə davam etməsinin əsas səbəbidir.
Ümid edirəm bu səyahət məqaləsi sizdə 2021-ci ildə daha çox səyahət etmək istəyi yaradar. Səyahət edən zaman, dünyanın xəbərlərə baxarkən TV-də gördüklərinizdən daha yaxşı bir yer olduğunu başa düşəcəksiz.
Mark Tvenin sevdiyim bir ifadəsi var: “İyirmi ildən sonra etmədiyiniz şeylərdən daha çox məyus olacaqsınız.” Bu ifadə sizə şablon gələ bilər. Lakin bu həqiqətən də belədir. Səyahətə xərclədiyiniz pula əlavə xərc kimi deyil, özünüzə etdiyinin dəyərli bir sərmayə kimi baxın.
Nəticədə xarici ölkələrə səfər etmək üçün maddi imkanınız kifayət etmirsə, ölkə daxilində belə olsa bölgələrə səyahətə gedin. Gəlin səyahətə çıxaq və özümüzü bu həzzdən məhrum etməyək.
Daha öncə ölkə xaricinə getmək fürsəti olmayıbsa, ilk olaraq qardaş ölkə olan Türkiyədən başlaya bilərsiniz. Xarici pasportunuz olmasa belə sadəcə yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi ilə Türkiyəyə səfər edə bilərsiniz. Əgər Türkiyəyə səfər etmək barədə qərar versəz səyahət planı qurmaq üçün Türkiyə ərazisində gəzməli və görməli yerlər siyahısı yazısını oxuya bilərsiz.
Sizə xoş səyahət arzulayırıq!
istinadlar: